ٱلْمُلْك
Mülk surəsi
30 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
تَبَـٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.
- 2
ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
- 3
ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَـٰوَٰتٍ طِبَاقًا ۖ مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَـٰنِ مِن تَفَـٰوُتٍ ۖ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ
O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?
- 4
ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ
Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir.
- 5
وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَجَعَلْنَـٰهَا رُجُومًا لِّلشَّيَـٰطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ
Həqiqətən, Biz ən yaxın göyü qəndillərlə (ulduzlarla) bəzədik və bunları şeytanları daşlama vasitəsi etdik. Onlar üçün alovlu od əzabı da hazırlamışıq.
- 6
وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis bir dönüş yeridir!
- 7
إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًا وَهِىَ تَفُورُ
Onlar cəhənnəmə atıldıqları zaman onun qaynayarkən çıxartdığı uğultunu eşidəcəklər.
- 8
تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir peyğəmbər gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
- 9
قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَـٰلٍ كَبِيرٍ
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir peyğəmbər gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.
- 10
وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَـٰبِ ٱلسَّعِيرِ
Onlar: “Əgər (peyğəmbərləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.
- 11
فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًا لِّأَصْحَـٰبِ ٱلسَّعِيرِ
Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun!
- 12
إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
- 13
وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ ۖ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
Sözünüzü istər gizli saxlayın, istər açıq deyin fərqi yoxdur. Şübhəsiz ki, O, qəlblərdəkini biləndir.
- 14
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ
Yaradan bilməzmi?! O, lətifdir (ən xırda işləri belə görüb biləndir), hər şeydən xəbərdardır.
- 15
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ ۖ وَإِلَيْهِ ٱلنُّشُورُ
Yer üzünü sizin ixtiyarınıza verən Odur. Elə isə onun hər tərəfində gəzib-dolaşın və Allahın ruzisindən yeyin. Dönüş Onadır!
- 16
ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ
Yer sarsılacağı zaman göydəkinin (Allahın) sizi yerə batırmayacağından əminsinizmi?
- 17
أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
Yaxud göydəkinin (Allahın) sizin üstünüzə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminsinizmi? Mənim təhdidimin necə olduğunu tezliklə biləcəksiniz.
- 18
وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ
Həqiqətən, onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!
- 19
أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَـٰٓفَّـٰتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَـٰنُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ
Göydə qanad çırparaq uçan quşları görmürlərmi? Onları havada yalnız Rəhman olan Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.
- 20
أَمَّنْ هَـٰذَا ٱلَّذِى هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَـٰنِ ۚ إِنِ ٱلْكَـٰفِرُونَ إِلَّا فِى غُرُورٍ
Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? Kafirlər ancaq aldanırlar.
- 21
أَمَّنْ هَـٰذَا ٱلَّذِى يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُۥ ۚ بَل لَّجُّوا۟ فِى عُتُوٍّ وَنُفُورٍ
Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər.
- 22
أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Elə isə üzüstə sürünənmi daha çox doğru yolda gedər, yoxsa düz bir yolda düzgün yeriyən kimsəmi?!
- 23
قُلْ هُوَ ٱلَّذِىٓ أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۖ قَلِيلًا مَّا تَشْكُرُونَ
De: “Sizi yaradan, sizə qulaq, göz və qəlblər bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”
- 24
قُلْ هُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
De: “Sizi yer üzündə çoxaldıb yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız”.
- 25
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd (əzab) nə zaman (gerçəkləşəcək)?” - deyirlər.
- 26
قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ
De ki: “Onu yalnız Allah bilir. Mən ancaq açıq-aşkar xəbərdar edənəm”.
- 27
فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ
Onun (əzabın) yaxınlaşdığını gördükləri zaman inkar edənlərin üzləri qaralacaq və onlara: “Sizin israrla istədiyiniz (əzab) budur!” - deyiləcəkdir.
- 28
قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَـٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ
De: “Deyin görüm, Allah məni və mənimlə birlikdə olanları məhv etsə, yaxud bizə rəhm etsə, bəs kafirləri acı əzabdan kim xilas edəcək?!
- 29
قُلْ هُوَ ٱلرَّحْمَـٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَـٰلٍ مُّبِينٍ
De: “O, Rəhmandır (çox mərhəmətlidir)! Biz Ona iman gətirmiş və Ona təvəkkül etmişik. Kimin açıq-aydın bir azğınlıq içində olduğunu yaxın bir vaxtda biləcəksiniz”.
- 30
قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَآءٍ مَّعِينٍۭ
De: “Deyin görüm, əgər suyunuz çəkilsə (qurusa), onda kim sizə axar su gətirə bilər?”