غَافِر

Ğafir surəsi

85 ayə · Məkkədə nazil olmuşdur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

  1. 1

    حمٓ

    Ha, Mim!

  2. 2

    تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ

    Bu Kitab yenilməz qüvvət sahibi və hər şeyi bilən Allah tərəfindən nazil edilmişdir.

  3. 3

    غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوْبِ شَدِيدِ ٱلْعِقَابِ ذِى ٱلطَّوْلِ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ ٱلْمَصِيرُ

    O, günahları bağışlayan, tövbələri qəbul edən, şiddətlə cəzalandıran və lütf sahibi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Qayıdış yalnız Onadır.

  4. 4

    مَا يُجَـٰدِلُ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِى ٱلْبِلَـٰدِ

    Kafirlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın.

  5. 5

    كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَٱلْأَحْزَابُ مِنۢ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍۭ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَـٰدَلُوا۟ بِٱلْبَـٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ

    Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı tayfalar da (peyğəmbərləri) təkzib etmişdilər. Hər ümmət öz peyğəmbərini tutub öldürməyə çalışmış və batil vasitəsilə haqqı yox etməyə cəhd etmişdi. Buna görə də Mən onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!

  6. 6

    وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلنَّارِ

    Beləcə, kafirlərin cəhənnəm əhli olduqlarına dair Rəbbinin sözü həqiqət oldu.

  7. 7

    ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍ رَّحْمَةً وَعِلْمًا فَٱغْفِرْ لِلَّذِينَ تَابُوا۟ وَٱتَّبَعُوا۟ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ

    Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!

  8. 8

    رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّـٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّـٰتِهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.

  9. 9

    وَقِهِمُ ٱلسَّيِّـَٔاتِ ۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُۥ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

    Onları pisliklərdən qoru! Şübhəsiz ki, o gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Böyük uğur məhz budur!”

  10. 10

    إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنَادَوْنَ لَمَقْتُ ٱللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى ٱلْإِيمَـٰنِ فَتَكْفُرُونَ

    Kafirlərə: “Şübhəsiz ki, Allahın qəzəbi sizin özünüzə olan qəzəbinizdən daha böyükdür. Çünki siz iman gətirməyə dəvət olunurdunuz, ancaq inkar edirdiniz”, - deyə nida ediləcək.

  11. 11

    قَالُوا۟ رَبَّنَآ أَمَتَّنَا ٱثْنَتَيْنِ وَأَحْيَيْتَنَا ٱثْنَتَيْنِ فَٱعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِّن سَبِيلٍ

    Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər. (Təfsirçilər bu ayədə qeyd edilən iki dəfə öldürmə və iki dəfə diriltməni belə izah etmişlər: “Birinci ölüm insanın dünyaya gəlməmişdən əvvəlki halı, ikinci ölüm isə dünyadan köçməsidir. Birinci diriltmə insanın dünyaya gəlməsi, ikinci diriltmə isə axirətdə yenidən dirilməsidir”.)

  12. 12

    ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِىَ ٱللَّهُ وَحْدَهُۥ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِۦ تُؤْمِنُوا۟ ۚ فَٱلْحُكْمُ لِلَّهِ ٱلْعَلِىِّ ٱلْكَبِيرِ

    (Onlara belə deyiləcək:) “Bu ona görədir ki, Allahın təkliyinə dəvət olunarkən siz inkar edir, Ona şərik qoşulduqda isə buna inanırdınız. Artıq hökm uca və böyük olan Allahındır”.

  13. 13

    هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَـٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ

    Sizə Öz (varlığının) dəlillərini göstərən və göydən sizin üçün ruzi endirən Odur. Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar.

  14. 14

    فَٱدْعُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ

    Kafirlərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək Ona dua edin!

  15. 15

    رَفِيعُ ٱلدَّرَجَـٰتِ ذُو ٱلْعَرْشِ يُلْقِى ٱلرُّوحَ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ لِيُنذِرَ يَوْمَ ٱلتَّلَاقِ

    Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir. (Təfsirlərdə “dərəcələri yüksəldən” ifadəsinə “göyləri bir-birinin üstünə qurub ucaldan”, “dünyada qullarına uca məqamlar verən”, “cənnətdəki məqamlarını yüksəldən”, “möminlərin savab dərəcələrini ucaldan” kimi mənalar verilmişdir.)

  16. 16

    يَوْمَ هُم بَـٰرِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِنْهُمْ شَىْءٌ ۚ لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ

    O gün onlar (qəbirlərindən) çıxacaqlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. (O gün Allah buyuracaq:) “Bu gün hökmranlıq kimə məxsusdur? - Tək və hər şeyə qalib gələn Allaha!”

  17. 17

    ٱلْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ ٱلْيَوْمَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

    Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün heç bir haqsızlıq olmayacaqdır. Şübhəsiz ki, Allah sürətlə haqq-hesab çəkəndir.

  18. 18

    وَأَنذِرْهُمْ يَوْمَ ٱلْـَٔازِفَةِ إِذِ ٱلْقُلُوبُ لَدَى ٱلْحَنَاجِرِ كَـٰظِمِينَ ۚ مَا لِلظَّـٰلِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ

    Yaxınlaşan gün barəsində onlara xəbərdarlıq et! Çünki o zaman onların ürəkləri ağızlarına gələcək və qəm-qüssə içində olacaqlar. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi vardır.

  19. 19

    يَعْلَمُ خَآئِنَةَ ٱلْأَعْيُنِ وَمَا تُخْفِى ٱلصُّدُورُ

    Allah xain baxışları və qəlblərin gizlətdiyini bilir.

  20. 20

    وَٱللَّهُ يَقْضِى بِٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَقْضُونَ بِشَىْءٍ ۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ

    Allah ədalətlə hökm verər. Ondan başqa dua etdikləri isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.

  21. 21

    ۞ أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ كَانُوا۟ مِن قَبْلِهِمْ ۚ كَانُوا۟ هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَءَاثَارًا فِى ٱلْأَرْضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍ

    Məgər onlar yer üzündə gəzib-dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Halbuki onlar bunlardan daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Ancaq günahlarına görə Allah onları (əzabla) yaxaladı. Onları Allahdan qoruyan da olmadı.

  22. 22

    ذَٰلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَكَفَرُوا۟ فَأَخَذَهُمُ ٱللَّهُ ۚ إِنَّهُۥ قَوِىٌّ شَدِيدُ ٱلْعِقَابِ

    Bu ona görə idi ki, peyğəmbərləri özlərinə açıq-aydın möcüzələr gətirmiş, ancaq onlar inkar etmişdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir, cəzası şiddətlidir.

  23. 23

    وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍ مُّبِينٍ

    Biz Musanı möcüzələrimizlə və açıq-aydın bir dəlillə Fironun, Hamanın və Qarunun yanına göndərdik. Ancaq onlar: “Bu, çox yalançı bir sehrbazdır!” - dedilər.

  24. 24

    إِلَىٰ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَقَـٰرُونَ فَقَالُوا۟ سَـٰحِرٌ كَذَّابٌ

    Ayə nömrə 23. bax

  25. 25

    فَلَمَّا جَآءَهُم بِٱلْحَقِّ مِنْ عِندِنَا قَالُوا۟ ٱقْتُلُوٓا۟ أَبْنَآءَ ٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ وَٱسْتَحْيُوا۟ نِسَآءَهُمْ ۚ وَمَا كَيْدُ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ

    Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. Kafirlərin hiyləsi, əlbəttə, boşa çıxar.

  26. 26

    وَقَالَ فِرْعَوْنُ ذَرُونِىٓ أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُۥٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِى ٱلْأَرْضِ ٱلْفَسَادَ

    Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o Rəbbini (köməyə) çağırsın. Həqiqətən, mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.

  27. 27

    وَقَالَ مُوسَىٰٓ إِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍ لَّا يُؤْمِنُ بِيَوْمِ ٱلْحِسَابِ

    Musa isə: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığındım!” - dedi.

  28. 28

    وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ ءَالِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَـٰنَهُۥٓ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّىَ ٱللَّهُ وَقَدْ جَآءَكُم بِٱلْبَيِّنَـٰتِ مِن رَّبِّكُمْ ۖ وَإِن يَكُ كَـٰذِبًا فَعَلَيْهِ كَذِبُهُۥ ۖ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ ٱلَّذِى يَعِدُكُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ

    Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.

  29. 29

    يَـٰقَوْمِ لَكُمُ ٱلْمُلْكُ ٱلْيَوْمَ ظَـٰهِرِينَ فِى ٱلْأَرْضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأْسِ ٱللَّهِ إِن جَآءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَآ أُرِيكُمْ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهْدِيكُمْ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ

    Ey qövmüm! Bu gün hökmranlıq yer üzündə qalib olan sizlərin əlindədir. Ancaq Allahın əzabı gələrsə, bizə kim kömək edəcək?” Firon: “Mən sizə yalnız öz fikrimi bildirir və doğru yolu göstərirəm!” - dedi.

  30. 30

    وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَـٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ ٱلْأَحْزَابِ

    Mömin olan şəxs isə belə dedi: “Ey qövmüm! Həqiqətən, mən (keçmiş) firqələrin başına gələn gün kimi bir günün sizin də başınıza gəlməsindən qorxuram.

  31. 31

    مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعِبَادِ

    Nuh, Ad, Səmud qövmü və onlardan sonrakıların başına gələn kimi (bir bəlanın sizin başınıza gəlməsindən qorxuram). Allah bəndələrinə zülm etmək istəməz.

  32. 32

    وَيَـٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ يَوْمَ ٱلتَّنَادِ

    Ey qövmüm! Həqiqətən, mən sizin üçün ah-nalə günündən qorxuram.

  33. 33

    يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ

    Siz o gün arxanızı dönüb qaçacaqsınız. Sizi Allahdan qoruyan olmayacaq. Allah kimi haqq yoldan azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz”.

  34. 34

    وَلَقَدْ جَآءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِٱلْبَيِّنَـٰتِ فَمَا زِلْتُمْ فِى شَكٍّ مِّمَّا جَآءَكُم بِهِۦ ۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ ٱللَّهُ مِنۢ بَعْدِهِۦ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ

    Şübhəsiz ki, daha əvvəl Yusif də sizə açıq-aşkar dəlillər gətirmişdi. Ancaq onun sizə gətirdiklərinə şübhə edirdiniz. Nəhayət, Yusif vəfat etdiyi zaman siz: “Allah ondan sonra peyğəmbər göndərməyəcəkdir”, - dediniz. Allah həddi aşan və şübhə edən kəsləri haqq yoldan belə azdırar.

  35. 35

    ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَـٰنٍ أَتَىٰهُمْ ۖ كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ

    Özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allahın, həm də iman gətirənlərin nəzdində böyük bir nifrətlə qarşılanarlar. Allah təkəbbürlü hər bir zalımın qəlbini belə möhürləyər.

  36. 36

    وَقَالَ فِرْعَوْنُ يَـٰهَـٰمَـٰنُ ٱبْنِ لِى صَرْحًا لَّعَلِّىٓ أَبْلُغُ ٱلْأَسْبَـٰبَ

    Firon dedi: “Ey Haman, mənim üçün elə bir hündür qüllə tik ki, mən onunla göylərə gedən yollara çata bilim və Musanın ilahını görüm. Həqiqətən, mən onun yalançı olduğunu düşünürəm”. Beləcə, Firona pis əməli gözəl göstərildi və haqq yoldan çıxarıldı. Fironun hiyləsi, əlbəttə, boşa çıxdı.

  37. 37

    أَسْبَـٰبَ ٱلسَّمَـٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ كَـٰذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِى تَبَابٍ

    Ayə nömrə 36. bax

  38. 38

    وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَـٰقَوْمِ ٱتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ ٱلرَّشَادِ

    Mömin olan şəxs dedi: “Ey qövmüm, mənə tabe olun ki, sizi doğru yola aparım.

  39. 39

    يَـٰقَوْمِ إِنَّمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَـٰعٌ وَإِنَّ ٱلْـَٔاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ

    Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur.

  40. 40

    مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَـٰلِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ

    Kim pis bir iş görərsə, yalnız etdiyi pis iş qədər cəza alar. Mömin olub yaxşı bir iş görən kişi, yaxud qadın isə cənnətə girəcək və orada onlara saysız-hesabsız ruzilər veriləcəkdir.

  41. 41

    ۞ وَيَـٰقَوْمِ مَا لِىٓ أَدْعُوكُمْ إِلَى ٱلنَّجَوٰةِ وَتَدْعُونَنِىٓ إِلَى ٱلنَّارِ

    Ey qövmüm! Nə üçün mən sizi qurtuluşa çağırdığım halda siz məni cəhənnəmə çağırırsınız?!

  42. 42

    تَدْعُونَنِى لِأَكْفُرَ بِٱللَّهِ وَأُشْرِكَ بِهِۦ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌ وَأَنَا۠ أَدْعُوكُمْ إِلَى ٱلْعَزِيزِ ٱلْغَفَّـٰرِ

    Siz məni Allahı inkar etməyə və barəsində heç nə bilmədiyim şeyləri Ona şərik qoşmağa çağırırsınız. Halbuki mən sizi yenilməz qüvvət sahibi və çox bağışlayan Allaha çağırıram.

  43. 43

    لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِىٓ إِلَيْهِ لَيْسَ لَهُۥ دَعْوَةٌ فِى ٱلدُّنْيَا وَلَا فِى ٱلْـَٔاخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلْمُسْرِفِينَ هُمْ أَصْحَـٰبُ ٱلنَّارِ

    Heç şübhəsiz, sizin məni dəvət etdikləriniz nə dünyada, nə də axirətdə çağırışa cavab verə bilər. Həqiqətən, dönüşümüz Allahadır. Həddi aşanlar isə cəhənnəm əhlidirlər.

  44. 44

    فَسَتَذْكُرُونَ مَآ أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِىٓ إِلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ بَصِيرٌۢ بِٱلْعِبَادِ

    Sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələrini görür”.

  45. 45

    فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُوا۟ ۖ وَحَاقَ بِـَٔالِ فِرْعَوْنَ سُوٓءُ ٱلْعَذَابِ

    Beləcə, Allah həmin şəxsi onların hiylələrinin şərindən qorudu. Firon qövmünü isə pis bir əzab bürüdü.

  46. 46

    ٱلنَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ أَدْخِلُوٓا۟ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ

    Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!” (Bu ayə təfsirçilər tərəfindən qəbir əzabının gerçək olduğuna dəlil göstərilmişdir.)

  47. 47

    وَإِذْ يَتَحَآجُّونَ فِى ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَـٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًا مِّنَ ٱلنَّارِ

    Onlar cəhənnəmdə bir-biri ilə mübahisə etdikləri zaman (dünyada ikən) aciz olanlar təkəbbürlənənlərə: “Biz sizin arxanızca gedirdik. İndi siz cəhənnəm əzabının bir hissəsini bizdən sovuşdura bilərsinizmi?” - deyəcəklər.

  48. 48

    قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُلٌّ فِيهَآ إِنَّ ٱللَّهَ قَدْ حَكَمَ بَيْنَ ٱلْعِبَادِ

    Təkəbbürlənənlər: “Biz hamımız cəhənnəmin içindəyik. Şübhəsiz ki, Allah qulların arasında hökmünü vermişdir!” - deyəcəklər.

  49. 49

    وَقَالَ ٱلَّذِينَ فِى ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدْعُوا۟ رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِّنَ ٱلْعَذَابِ

    Cəhənnəmdəkilər cəhənnəm gözətçilərinə: “Rəbbinizə dua edin ki, bircə gün də olsa əzabımızı yüngülləşdirsin!” - deyəcəklər.

  50. 50

    قَالُوٓا۟ أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِٱلْبَيِّنَـٰتِ ۖ قَالُوا۟ بَلَىٰ ۚ قَالُوا۟ فَٱدْعُوا۟ ۗ وَمَا دُعَـٰٓؤُا۟ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ

    Gözətçilər: “Peyğəmbərləriniz sizə açıq-aşkar möcüzələr gətirməmişdilərmi?” - deyə soruşacaq, onlar da: “Bəli!” - deyə cavab verəcəklər. Gözətçilər: “Elə isə özünüz dua edin!” - deyəcəklər. Kafirlərin duası isə mütləq boşa çıxar.

  51. 51

    إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيَوْمَ يَقُومُ ٱلْأَشْهَـٰدُ

    Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik.

  52. 52

    يَوْمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ

    O gün üzrxahlıq etmələri zalımlara heç bir fayda verməyəcəkdir. Onlar üçün lənət və pis bir məskən vardır.

  53. 53

    وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْهُدَىٰ وَأَوْرَثْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَـٰبَ

    Biz Musaya doğru yolu göstərən rəhbəri (Tövratı) verdik və İsrail oğullarını o Kitaba varis etdik.

  54. 54

    هُدًى وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ

    O Kitab ağıl sahibləri üçün doğru yol rəhbəri və öyüddür.

  55. 55

    فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَـٰرِ

    Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!

  56. 56

    إِنَّ ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَـٰنٍ أَتَىٰهُمْ ۙ إِن فِى صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَّا هُم بِبَـٰلِغِيهِ ۚ فَٱسْتَعِذْ بِٱللَّهِ ۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ

    Şübhəsiz ki, özlərinə heç bir dəlil gəlmədiyi halda Allahın ayələri barəsində mübahisə edənlərin qəlblərində təkəbbürdən başqa bir şey yoxdur. Onlar buna əsla çata bilməyəcəklər. Ona görə də Allaha sığın! Həqiqətən, O, hər şeyi eşidəndir, görəndir.

  57. 57

    لَخَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

    Şübhəsiz, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük bir işdir. Lakin insanların çoxu bunu bilməz.

  58. 58

    وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَلَا ٱلْمُسِىٓءُ ۚ قَلِيلًا مَّا تَتَذَكَّرُونَ

    Kor ilə görən, iman gətirib yaxşı işlər görənlərlə pis işlər görənlər eyni deyildir. Nə qədər az düşünürsünüz!

  59. 59

    إِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ

    Qiyamət mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların çoxu buna inanmır.

  60. 60

    وَقَالَ رَبُّكُمُ ٱدْعُونِىٓ أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِى سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

    Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər”.

  61. 61

    ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ

    Dincəlməyiniz üçün gecəni, görə bilməyiniz üçün də gündüzü yaradan Allahdır. Həqiqətən, Allah insanlara qarşı lütfkardır. Lakin insanların çoxu şükür etməz.

  62. 62

    ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ خَـٰلِقُ كُلِّ شَىْءٍ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

    Bu, hər şeyin xaliqi olan Rəbbiniz Allahdır. Ondan başqa heç bir ilah yoxdur! Bəs necə olur ki, haqq yoldan döndərilirsiniz?!

  63. 63

    كَذَٰلِكَ يُؤْفَكُ ٱلَّذِينَ كَانُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ يَجْحَدُونَ

    Allahın ayələrini inkar edənlər haqq yoldan belə döndərilirlər.

  64. 64

    ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ قَرَارًا وَٱلسَّمَآءَ بِنَآءً وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ

    Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib sizi ən gözəl surətə salan və sizə təmiz qidalardan ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah çox ucadır.

  65. 65

    هُوَ ٱلْحَىُّ لَآ إِلَـٰهَ إِلَّا هُوَ فَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ ۗ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

    O daim diridir. Ondan başqa heç bir ilah yoxdur! Elə isə dini yalnız Ona məxsus edərək dua edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

  66. 66

    ۞ قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِىَ ٱلْبَيِّنَـٰتُ مِن رَّبِّى وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ ٱلْعَـٰلَمِينَ

    De: “Allahdan başqa dua etdiklərinizə ibadət etməyim Rəbbimdən gələn açıq-aşkar dəlillərlə mənə qadağan olunmuşdur. Mənə aləmlərin Rəbbinə təslim olmağım əmr olunmuşdur”.

  67. 67

    هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا۟ شُيُوخًا ۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبْلُ ۖ وَلِتَبْلُغُوٓا۟ أَجَلًا مُّسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ

    Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi (ana bətnindən) uşaq olaraq çıxardan, sonra yetkinlik yaşına çatasınız, sonra da qocalasınız deyə yaşadan Odur. Sizdən kimisi də daha əvvəl vəfat edir. Bu ona görədir ki, siz müəyyən bir vaxta qədər yaşayasınız və bəlkə (bunları) düşünüb dərk edəsiniz.

  68. 68

    هُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

    Dirildən də, öldürən də Odur. O, bir işin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.

  69. 69

    أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ أَنَّىٰ يُصْرَفُونَ

    Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi? Onlar necə olur ki, haqq yoldan döndərilirlər?!

  70. 70

    ٱلَّذِينَ كَذَّبُوا۟ بِٱلْكِتَـٰبِ وَبِمَآ أَرْسَلْنَا بِهِۦ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ

    Kitabı (Quranı) və peyğəmbərlərimizə göndərdiklərimizi təkzib edənlər tezliklə (həqiqəti) biləcəklər.

  71. 71

    إِذِ ٱلْأَغْلَـٰلُ فِىٓ أَعْنَـٰقِهِمْ وَٱلسَّلَـٰسِلُ يُسْحَبُونَ

    O zaman onlar boyunlarında halqalar və zəncirlər olduğu halda cəhənnəmə sürüklənəcək, sonra odun içində yandırılacaqlar.

  72. 72

    فِى ٱلْحَمِيمِ ثُمَّ فِى ٱلنَّارِ يُسْجَرُونَ

    Ayə nömrə 71. bax

  73. 73

    ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تُشْرِكُونَ

    Sonra da onlara belə deyiləcək: “Allaha şərik qoşduqlarınız haradadır?” Müşriklər: “Onlar bizdən uzaqlaşıb yoxa çıxdılar. Əslində, biz daha əvvəl heç bir şeyə dua etmirdik”, - deyəcəklər. Allah kafirləri belə azdırar.

  74. 74

    مِن دُونِ ٱللَّهِ ۖ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا بَل لَّمْ نَكُن نَّدْعُوا۟ مِن قَبْلُ شَيْـًٔا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلْكَـٰفِرِينَ

    Ayə nömrə 73. bax

  75. 75

    ذَٰلِكُم بِمَا كُنتُمْ تَفْرَحُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَمْرَحُونَ

    (Onlara belə deyiləcək:) “Bu, sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir.

  76. 76

    ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ

    Əbədi qalmaq üzrə cəhənnəmin qapılarından girin!” Təkəbbürlənənlərin sığınacaq yeri necə də pisdir!

  77. 77

    فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ

    Ona görə də səbir et! Həqiqətən, Allahın vədi haqdır. Heç şübhəsiz, ya onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərəcəyik, ya da daha əvvəl sənin canını alacağıq. Onlar Bizə qaytarılacaqlar.

  78. 78

    وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ فَإِذَا جَآءَ أَمْرُ ٱللَّهِ قُضِىَ بِٱلْحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلْمُبْطِلُونَ

    Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan hekayətini sənə danışdığımız da var, danışmadığımız da. Heç bir peyğəmbər Allahın izni olmadan hər hansı bir ayə (möcüzə) gətirə bilməz. Allahın əmri gəldiyi zaman haqq öz yerini tapar və yalançılar oradaca ziyana uğrayarlar.

  79. 79

    ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَنْعَـٰمَ لِتَرْكَبُوا۟ مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ

    Bəzilərinə minəsiniz, bəzilərini də yeyəsiniz deyə heyvanları sizin üçün yaradan Allahdır.

  80. 80

    وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ وَلِتَبْلُغُوا۟ عَلَيْهَا حَاجَةً فِى صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ

    Onlarda sizin üçün başqa faydalar da vardır. Ürəyinizin istədiyi yerə onlar vasitəsilə gedib çatırsınız. Həm onlarla, həm də gəmilərlə səyahət edirsiniz.

  81. 81

    وَيُرِيكُمْ ءَايَـٰتِهِۦ فَأَىَّ ءَايَـٰتِ ٱللَّهِ تُنكِرُونَ

    Allah Öz ayələrini (varlığının dəlillərini) sizə göstərir. Elə isə Allahın ayələrindən hansını inkar edə bilərsiniz?!

  82. 82

    أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةً وَءَاثَارًا فِى ٱلْأَرْضِ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ

    Onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan sayca daha çox, daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Ancaq onların qazandıqları özlərinə heç bir fayda vermədi.

  83. 83

    فَلَمَّا جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَرِحُوا۟ بِمَا عِندَهُم مِّنَ ٱلْعِلْمِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

    Peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü.

  84. 84

    فَلَمَّا رَأَوْا۟ بَأْسَنَا قَالُوٓا۟ ءَامَنَّا بِٱللَّهِ وَحْدَهُۥ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِۦ مُشْرِكِينَ

    Onlar əzabımızın şiddətini gördükdə: “Biz Allahın tək olduğuna inandıq və Ona qoşduğumuz şərikləri inkar etdik!” - dedilər.

  85. 85

    فَلَمْ يَكُ يَنفَعُهُمْ إِيمَـٰنُهُمْ لَمَّا رَأَوْا۟ بَأْسَنَا ۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ فِى عِبَادِهِۦ ۖ وَخَسِرَ هُنَالِكَ ٱلْكَـٰفِرُونَ

    Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi. Bu, Allahın əzəldən bəri qulları barəsindəki qanunudur. Kafirlər oradaca ziyana uğradılar.